AZE | RUS | ENG |

“Man Booker” namizədləri

“Man Booker” namizədləri
Yazıçı Marqaret Etvudun "Vəsiyyətlər” ("The testaments”) sərlövhəsi ilə cari ilin sentyabr ayında işıq üzü görəcək romanı "Man Booker” ədəbiyyat mükafatının builki qalibi olmağa ən güclü namizəddir. Müsabiqənin Salman Rüşdi, Janet Uinterson kimi iddialı 13 qalib namizədindən ibarət siyahıya Martqaret Etvud liderlik edir. Kulislərdə fondun münsiflər heyətinin açıq-aşkar ictimai fikrin təsiri altında qaldığı danışılır. Belə ki, həm fondun öz açıq səsvermə bölməsində, həm də "Guardian” dərgisinin "Not the Booker” bölməsində oxucu rəyləri ciddi fərqlə Etvudu namizəd göstərir. Bu isə münsiflər heyətinin fikrinin müəyyən istiqamətə yönəlməsinə səbəb olur.
Kanadalı yazıçı artıq altıncı dəfədir ki, "Man Booker”in uzun siyahısında yer alır. "Qulluqçu qızın nağılı” ("The handmaid’s tale”) romanından 15 il sonra Etvud yenə yeni bir romanla, həm də bu dəfə qalib olmaq məqsədilə mübarizəyə qoşulub. "Hay” (ABŞ-da keçirilən mütaliə festivalı – tərc.) festivalında da böyük maraq görən yazarın əsərləri haqqında açıqlama verən Piter Florens (festivalın təşkilatçı direktoru – tərc.) Etvudun sadiq pərəstişkar ordusuna sahib olduğunu deyib: "Festivalda satış təşkili bizə o qədər də maraqlı deyil, çünki iştirakçılar oxuyacaqları kitabları özləri ilə gətirirlər. Amma bu il Marqaret Etvudun kitabları 246 ədəd satıldı. Festivalda ən yüksək satış göstəricisi 56 kitabla "Harry Potter”in olub. Onu da deməliyəm ki, bu uğurda Etvudun özünün humanist mövqeyi, şəxsi imici böyük rol oynayır”.
Builki uzun siyahıda həqiqətən də Etvudun qalibiyyətini zorlayan bir-birindən güclü imzalar yer alıb. İan MakEvan, Salman Rüşdi, Mark Haddon, Ali Smits, Bernardin Evaristo kimi tanınmış və bestseller müəlliflərlə düşdüyü siyahıdan qalib çıxması bir qədər sual altında olan Etvudun münsiflər tərəfindən "çağdaş Amerikanın ədəbi tur rəhbəri, zəngli saatı” kimi dəyərləndirildiyi mətbuata sızan rəylər arasındadır. Siyahının ikinci güclü namizədi isə Con Lançesterin "Divar” ("The wall”) romanıdır. Əsər heyət tərəfindən "hərəkətli, axıcı və kompleks strukturlu” kimi qiymətləndirilib.
Siyahıda "Eşq” romanından sonra yaddaqalan işlərə yalnız publisistikada imza ata bilən türk yazıçı Elif Şəfəqin "Bu qəribə dünyada 10 dəqiqə 38 saniyə” ("10 minutes 38 seconds in this strange world”) romanı da yer alır.
Meksika əsilli italyan yazar Valeria Luiselli isə ingilis dilində debüt əsəri "İtkin uşaqların arxivi” ("Lost children archive”) ilə mübarizəyə qoşulub. Adını bu il siyahılarda və rəy yazılarında tez-tez gördüyümüz və deyəsən, görəcəyimiz nigeriya əsilli britaniyalı yazıçı Oyinkan Breytveyt isə "Bacım silsilə qatildir” ("My sister, the serial killer”) adlı çıxış romanı ilə təmsil olunub. Onun romanı "Man Booker” tarixinin ən yaxşı debütü kimi təqdim edilib.
Münsiflər heyətindən Liz Kalder "Guardian”-a açıqlamasında deyib: "Namizədlər haqqında söz demək o qədər çətindir ki. Bəziləri haqqında danışmaqdansa, ümumiyyətlə, çəkinirəm. Bəzən insanlar düşünür ki, daha dünyaya XVIII-XX əsrlərdəki kimi ədəbi dühalar gəlmir. İnanın ki, gəlir. Sadəcə indi onlar sayca daha çoxdular. Məsələn, məhz builki siyahıda yer alan romanların hansısa haqqında "kommersiya məqsədilə yazılmış” ifadəsi işlətmək olmaz. Bu fərqi oxucu bizdən də yaxşı sezir və layiqli dəyəri verir”.
 
Ən çox satılan audio kitabları
 
Bütün yaxşı zamanların – tıxacda, metroda, təyyarədə, sahildə - məşğuliyyətsiz keçdiyini yaxşı bir mütaliə həvəskarı əsla qəbul etməz. Çünki bu zamanların hamısı onun nəzərində mütaliə zamanıdır. Bəs, nəqliyyatda, qızmar günəş altında, zəif işıqda səhhəti imkan vermədiyi üçün oxumaqdan məhrum olanlar, ya da idman, gəzinti, yemək bişirmək kimi fəaliyyətlər zamanı da hekayələr eşitmək istəyən ədəbiyyatsevərlər arzuladıqlarını necə əldə edəcək?! Yəqin ki, audio kitabların tərtibi zamanı ilk hədəf kütləsi məhz bu auditoriya olub. Ətrafımızda musiqi siyahısını qısa hekayələr, dramlar, şeirlərlə əvəzləyənlərin sayı xəyal etdiyinizdən dəfələrlə çoxdur. Mütaliə sevərlər üçün "ən yaxşılar” siyahısı olar, ədəbiyyatsevərlər üçün olmaz?! "Guardian” redaktorları bu dəfə ədəbiyyata qulaq verənlər üçün olduqca rəngli, fərqli və dəbli bir siyahı hazırlayıb. Bu siyahıda müxtəlif e-satış məntəqələrində ən çox satılan audio kitablar sıralanıb.
Böüyüklər üçün:
·       Marqaret Etvud – "Qulluqçu qızın nağılı” ("The handmaid’s tale”)
·       Olqa Tokarzuk – "Uçuşlar” ("Flihts”)
·       Bob Mortimer və Paul Vaythaus – "Mortimer və Vaythaus”
·       Ceorc Hardstak və Karen Kilqarif – "Cəlbedici və sağ qal” ("Stay sexy and don’t get murdered”)
·       Anna Çoma və Selli Vaynrayt – "Alicənab Cek” ("Gentleman Jack”)
·       Maks Porter – "Lenni” ("Lanny”)
·       Keytlin Moran – "Qadın olmaq” ("How to be a woman”)
·       Ceyms Coys – "Gənc rəssamın portreti” ("A portrait of the artist as a young man”)
Yeniyetmələr üçün:
·       Filip Pulman – "Vəhşi gözəl” ("La belle sauvage”)
·       Vilyam Satcklif – "İstedadlı, qabiliyyətli və mən” ("The gifted, the talented və me”)
·       Patris Laurens – "Narıncı oğlan” ("Orangeboy”)
·       Fransis Hardinc – "Yalan ağacı” ("The lie tree”)
 
Əlvida, Alan Mur!
 
40 ildir ki, dünya ədəbiyyatında unudulmaz superqəhrəmanlar yaradan yazıçı Alan Mur yazarlıqla vidalaşıb. "HuffintonPost”-un xəbərində qeyd olunur ki, əvəzsiz yaradıcı təxəyyülünü artıq sadəcə insanlara, hekayələrə, həyata, heyvanlara həsr edib, sadəcə eşitməklə, duymaqla keçirəcəyini deyən yaşlı ədib artıq harada yaşayacağını da seçib. Hələ ötən il "Qeyri-adi dərəcədə alicənablar liqası” ("The league of extraordinary gentlemen”) komik-dramın sonuncu hissəsindən sonra ədəbiyyatla vidalaşacağını vəd etmiş yazıçı olduqca səssiz formada yaradıcılıq yolunu nöqtələdi.
Qələmini roman, qısa hekayə, ssenari, dram kimi bir çox sahədə uğurla sınaqdan çıxarmış yazar nə mətbuatın suallarını cavablayıb, nə də son mətbuat konfransı təkliflərini qəbul edib. Yazarın illustrator dostu Devid Lloyd məsələ ilə bağlı verdiyi açıqlamada deyib: "Alan özünü həmişə bircə balacalara qarşı məsul hiss edib. Deyir ki, yazdıqlarım bircə onların dünyasında təlatümə səbəb ola bilər. Ona görə də, macəranı yarıda saxladığım üçün bircə onlara açıqlama verməyə borclu hiss edirəm. Onu da, bəlkə, nə vaxtsa edəcək”.
 
Amerika ədəbiyyatında növbəti itki
 
ABŞ-ın nüfuzlu ədəbi redaktorlarından, bir çox nəşriyyatın idarə heyətində təmsil olunmuş Corc Hodman 60 yaşında dünyasını dəyişib. 2015-ci ildə işıq üzü görən "Bettivil” avtobioqrafik romanı ilə yazarlıq istedadını yüksək satış göstəriciləri ilə sübut etmiş ədib Manhettendəki evində ölü tapılıb. Onun ölüm xəbərini "nytimes”a təsdiqləyən bacısı qızı Molli Rorti ölüm səbəbinin intihar olduğunu düşündüklərini deyib. İki ildir ki, bütün həyatını Amerikada qoyub, Parisdə huşunu itirmiş yaşlı anasına baxan Corcun həyatının son dövrlərinin çox çətin keçdiyi deyilir. Elə onun yeganə romanı da anası haqqındadır. Müəllifin son yazısında qələmə aldığı bir cümlə isə əslində bütün mətbuata bu ölümün səbəblərini kifayət qədər açır: "İnsanların çətin anlarında ehtiyac duyduqları adamam. Bundan yorulmuşam”. İyulun 22-də dünyasını dəyişmiş Hodmanın ekspertizası davam edir.
 
Elcan
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045